MƏDƏNİYYƏT XADİMLƏRİNƏ YÜKSƏK MÜKAFATLAR VƏ FƏXRİ ADLARIN VƏSİQƏLƏRİ TƏQDİM OLUNMUŞDUR
Mərasimi açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söz açmış, bu sahədə ümummilli liderimiz Heydər Əliyevin qoyduğu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Nazir xatırlatmışdır ki, Azərbaycan Prezidenti son iki ildə mədəniyyət xadimlərini ordenlə təltif etmiş, onların bir qrupuna fəxri adlar vermişdir. Lakin müəyyən səbəblərdən həmin mükafat və adlar indiyədək sahiblərinə təqdim olunmamışdır.
Əbülfəs Qarayev təltif olunanlara ölkəmizin başçısının təbriklərini və səmimi arzularını çatdırmış, Prezidentin tapşırığı ilə mükafatları onlara təqdim etmişdir.
Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli Sərəncamına əsasən, xalq rəssamı Nadir Əbdürrəhmanova “Şöhrət” ordeni təqdim olunmuşdur.
Sonra dövlətimizin başçısının 2005-ci il 16 sentyabr və 2006-cı il 16 may tarixli sərəncamları ilə “Xalq artisti”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist” və “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüş mədəniyyət xadimlərinə müvafiq nişanlar və vəsiqələr verilmişdir.
“Xalq artisti” fəxri adı alanlar arasında musiqi və teatrsevərlərin rəğbətini qazanmış Aygün Bayramova, Fəxrəddin Dadaşov, Teymur Mustafayev, Teymur Göyçayev, Səfa Qəhrəmanov, Nəzakət Teymurova, Mübariz Tağıyev, Telman Adıgözəlov, Rafael Dadaşov, Möhlət Müslümov, Yasin Qarayev, Ağadadaş Ağayev, Vaqif Əsədov, Məbud Məhərrəmov və başqaları vardır.
Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.