MƏDƏNİYYƏT
“MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Əməkdar artist Lalə Məmmədova ilə gənclərin görüşü keçiriləcək.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir müddətində, həmçinin “Populyar musiqi ifaçılığı mədəniyyətində milli ənənələr”, “Müasir trendlər: kreativ musiqi sənayesi və inkişafı amilləri” və “Estrada sənətimiz: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində Əməkdar artistin ifasında ən sevilən nəğmələr, eləcə də gənc musiqiçilərin ifasında milli və xarici musiqi nümunələri təqdim ediləcək.
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə Lalə Məmmədova mövcud kreativ sənaye, gənclərin müasir musiqi üslubu ilə ayaqlaşması, habelə milli estrada sənətinin inkişafı istiqamətlərindən söhbət açacaq.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
Görüşdə iştirak etmək istəyən gənclər https://shorturl.at/djtxQ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.