Media təmsilçiləri koronavirusla bağlı maarifləndirici aksiya keçiriblər
Bakı, 29 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
“Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının üzvləri COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində istirahət günləri maarifləndirici aksiya keçiriblər. Hərəkata qoşulan media təmsilçiləri yaşadıqları ərazidə, çevrələrində maskadan istifadə etməyən qonşularına, yaxınlarına tibbi maska paylayıb, qoruyucu vasitələrdən istifadənin, sosial məsafə saxlamağın, gigiyenik qaydalara əməl etməyin zəruriliyini söyləyiblər.
AZƏRTAC xəbər verir ki, aksiyaya onlarla jurnalist qoşulub. Media Hərəkatının təşəbbüskarı jurnalist İradə İbrahimova sosial şəbəkə hesabında yazıb: “Yaşadığımız ərazidə tibbi maskadan istifadə etməyən qonşulara tibbi maska təqdim etdik, qoruyucu vasitələrdən istifadənin vacibliyini bildirdik. Əgər bir nəfəri də olsa qoruyucu vasitələrdən istifadə vərdişlərinə sövq edə bildiksə, çevrəmizin sağlamlığına azacıq töhfə vermiş olduq”.
Qeyd edək ki, “Özünü qoru, çevrəni xilas et” devizi ilə yaradılan Media Hərəkatına 100-dən artıq media təmsilçisi qoşulub.