Məhdud imkanlı şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır
Naxçıvan, 17 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə olunması məsələlərinə həsr edilmiş maarifləndirici seminar keçirilib.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarda çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Dövlət Proqramının icrası digər sahələrdə olduğu kimi, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Həyata keçirilən tədbirlər əlillərin, yaşı 18-dən az olan şəxslərin, qadınların məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsində özünü göstərməklə, cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində əlilliyi olan şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi muxtar respublikada diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərlə yanaşı, bəzi müəssisələrdə əlilliyi olan şəxslərin işdən qanunsuz azad olunması, bəzi hallarda isə məzuniyyət müddətinin düzgün təyin olunmaması hallarına rast gəlinir. Bu cür halların qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici tədbirlər keçirilir və bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov, müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında danışıb. Nazirliyin yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı isə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və həmin kvota üzrə müəyyən olunmuş iş yerləri üzrə işəgötürənlərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətlərindən bəhs edib.
Çıxışlar zamanı slaydlardan istifadə olunub və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Babək rayonu ərazisində fəaliyyət göstərən dövlət və özəl müəssisə və təşkilatların vəzifəli şəxsləri, kadr işləri üzrə mütəxəssisləri (nümayəndələri) iştirak ediblər.