MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyində Məhkəmə-Hüquq Şurasının geniş tərkibdə iclası keçirilmişdir. İclasda nazirlik tərəfindən məhkəmələrin fəaliyyəti ilə bağlı aparılmış təhlilin nəticələri və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər müzakirə edilmişdir. İclasda sədrlik edən ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə aparılan mütərəqqi islahatları, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi üzrə tədbirləri qeyd etmiş, bununla belə məhkəmələr tərəfindən vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara və qanun pozuntularına yol verildiyini bildirmiş, ölkəmizin Prezidenti İlham Əliyevin bu il fevralın 2-də yerli sahibkarlarla görüşü zamanı məhkəmələrin fəaliyyətinə dair tənqidi fikirlərində qeyd olunan mənfi halların aradan qaldırılması üzrə konkret tədbirlərə diqqəti cəlb etmişdir. Tədbirdə, yol verdikləri nöqsanlara və məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hərəkətlərə görə 30-dan çox hakimin intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən hakimlik səlahiyyətinə xitam verilməsi vurğulanmış, məhkəmə səhvlərinin aradan qaldırılmasında və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında yuxarı instansiya məhkəmələrinin rolu qeyd edilmişdir. Eyni zamanda, iclasda hakimlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi tədbirləri müzakirə olunmuş, məhkəmə sistemində yalnız mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə görə fərqlənən şəxslərin təmsil edilməsinin zəruriliyi bildirilmiş, bu sahədə hazırlanmış təkliflər zərfinin Avropa Şurası ekspertləri ilə yaxın günlərdə keçiriləcək görüşdə müzakirəsi nəzərdə tutulmuşdur. İclasda Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının üzvləri – Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Südabə Həsənova, İqtisad Məhkəməsinin sədri Cəfər Vəliyev, Apellyasiya Məhkəməsinin sədri Gülzar Rzayeva, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev, habelə Baş prokuror Zakir Qaralov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev, yerli məhkəmə sədrləri və hakimlər iştirak etmişlər.