Məişət zorakılığı ilə bağlı qurumlararası əlaqələndirmə mexanizmi yaradılacaq
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycanda qısamüddətli mühafizə orderinin müddəti uzadılır. Məişət zorakılığı ilə bağlı qurumlararası əlaqələndirmə mexanizminin də yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dekabrın 21-də keçirilən iclasının gündəliyində müzakirə olunan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Sənədə əsasən, Qanunun qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar 11-ci və 12-ci maddələrində qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək artırılması təklif olunur. Eyni zamanda, qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilməsi nəzərdə tutulur.
Qanun layihəsinə görə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması təklif olunur. Əsas tutulur ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası məqsədilə yerlərdə yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup”larının fəaliyyətini tənzimləyən vahid hüquq normaları mövcud deyil. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.1.2-ci bəndinin tələblərinə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması məqsədilə mövcud Qanuna yeni 19-1-ci maddənin əlavə edilməsi təklif olunur.