ELM VƏ TƏHSİL
Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüş məktəbəqədər təhsil müəssisələrinin idarəetməsinin təkmilləşdirilməsi və BŞTİ-nin yeni strukturunun təqdim edilməsinə həsr olunub.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva rəhbəri olduğu idarədə optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparıldığını, dəyişikliyin əsas məqsədinin BŞTİ-nin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin edilməsindən ibarət olduğunu xatırladıb. O, məktəbəqədər təhsildə keyfiyyətin yaxşılaşdırılması, məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması və idarəetmədə olan yeniliklərə dair ətraflı məlumat verib.
İdarə müdiri məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunması vəziyyəti, uşaqların davamiyyəti, bağçalar üzrə normativ hüquqi sənədlərin işlənməsi və qarşıda duran hədəflər barədə müvafiq tapşırıqlar verib. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə təlim-tərbiyə prosesində məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
BŞTİ-nin müdir müavini Anar Məmmədov insan resursları, məktəbəqədər təhsil müəssisələrinin idarəetməsinin təkmilləşdirilməsi mövzularında fikirlərini bildirib.
Görüşdə Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının mövcud vəziyyəti, təmiri, təhlükəsizlik, istilik və digər məsələlərlə bağlı tövsiyələrini səsləndiriblər.
Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov informasiya mübadiləsinin səmərəliliyinin artırılması, sosial şəbəkələrlə iş, məktəbəqədər təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər məsələlərlə bağlı qarşıda duran vəzifələr, Maliyyə-mühasibatlıq sektorunun müdiri Elmira Mehdiyeva isə maliyyə tənzimlənməsi barədə danışıb.