ELM VƏ TƏHSİL
“Məktəblərdə ekologiya ayı” layihəsi yekunlaşıb
Bakı, 1 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə ekologiya ayı” layihəsinin yekun tədbiri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsindən ibarətdir.
Tədbirdə məktəblilərin ifasında mahnılar səsləndirilib, ətraf mühitin qorunması, uşaq və gənclərdə ekoloji tərbiyənin formalaşdırılmasına həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, elmi-bədii əsərlər, məqalə və kitablarla tanışlıq, ədəbi-bədii kompozisiyalar təşkil olunub, məktəblərdə ekoloji guşələr yaradılıb, intellektual oyun və müsabiqələr keçirilib.