REGİONLAR
Məktəblilər arasında “Naxçıvanımızı tanıyaq” müsabiqəsinə start verilib
Naxçıvan, 12 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvanımızı tanıyaq” adlı müsabiqəyə start verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iki mərhələdə təşkil edilən müsabiqənin şəhər (rayon) mərhələsinin martın 10-dan aprelin 29-dək, muxtar respublika mərhələsinin isə mayın 5-də keçirilməsi nəzərdə tutulub. Müsabiqə IX-XI sinif şagirdləri arasında keçirilir.
İlk olaraq Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında təşkil edilən müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində baş tutub.
Müsabiqənin ümumi şərtlərinə görə bu mərhələdə şagirdlərə Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, mədəniyyəti, incəsənəti və tarixi abidələrinə, həmçinin müasir dövrdə inkişafına həsr edilmiş 40 sual təqdim olunub. Şərtlərə görə təqdim edilmiş sualları 10 saniyə ərzində cavablandıraraq ən yaxşı nəticə göstərən komandalar II mərhələyə vəsiqə qazanır.
Beləliklə, Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında şərtləri ödəyən Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin komandası muxtar respublika mərhələsində iştirak edəcək.
Qeyd edək ki, müsabiqənin muxtar respublika mərhələsində şagirdlərə 50 sual təqdim olunacaq və bu mərhələdə ən yüksək xal toplayan komandalar münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerlərə layiq görüləcəklər. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.