Məktəblilər tullantıların çeşidlənməsi prosesi ilə tanış olmuşlar
Bakı, 16 noyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Xəzər rayonunun Qala qəsəbəsində “Azalt. Yenidən istifadə et. Çeşidlə.” (“Reduce. Reuse. Recycle.”) şüarı altında uşaqlar üçün beynəlxalq konfrans işini davam etdirmişdir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, konfransın ikinci günündə məktəblilərin Bakıda tullantıların idarəolunması sistemi ilə əyani surətdə tanış olmaları məqsədi ilə ekskursiyalar təşkil olunmuşdur.
Əvvəlcə məktəblilər Qala qəsəbəsində tullantıların kompleks idarə edilməsi sistemi haqqında məlumatlandırılmış, qəsəbə ərazisində əmələ gələn tullantıların yığılması və daşınması prosesini izləmişlər. Qalada yerləşdirilmiş qida və qeyri-qida tullantıları üçün müvafiq olaraq quraşdırılmış yaşıl və göy konteynerlər, tullantı meydançalarında izahedici stendlər, tullantı maşınlarının GPS sistemi vasitəsilə nəzarət prosesi şagirdlər tərəfindən maraqla izlənilmişdir.
Sonra tullantıların zərərsizləşdirilməsi prosesini müşahidə etmək məqsədi ilə bərk məişət tullantılarının çeşidlənməsi zavoduna ekskursiya təşkil edilmişdir. Məktəblilər test rejimdə fəaliyyət göstərən zavodda tullantıların çeşidlənməsi prosesi ilə tanış olmuşlar. Şagirdlərə il ərzində 200 min ton tullantı qəbul etmək gücünə malik olan zavodun fəaliyyəti nəticəsində yararlı tullantının ayrılaraq təkrar emala yönəldiləcəyi barədə məlumat verilmişdir.
“Təmiz Şəhər” ASC məktəblilərin və gənclərin tullantıların idarə olunması haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə gələcəkdə də belə tədbirlərin keçirilməsini planlaşdırır.