ELM VƏ TƏHSİL
Məktəblilərin xeyriyyə tamaşası
Bakı, 10 aprel, AZƏRTAC
Paytaxtdakı 220 nömrəli məktəb-lisey şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunacaq.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdiriləcək tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında səhnələşdirilib. Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu xeyriyyə tamaşasının əsas məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir.
Tamaşanın nümayişindən öncə 220 nömrəli məktəb-lisey ansamblı üzvlərinin skripka və tarda canlı ifaları və məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunacaq.
Qeyd edək ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “YAŞAT” Fonduna köçürüləcək.
Məktəblilərin ilk təşəbbüsü olan xeyriyyə tamaşası aprelin 11-də saat 17:00-da başlayacaq.