MEMAR İOSİF QOSLAVSKİNİN XATİRƏ GECƏSİ
AZƏRTAC-ın xəbər verdiyi kimi, bu ilin yanvarında memarın ölümünün 100 ili tamam olmuşdur.
Əsil-nəsəbli Polşa zadəganı olan İ.Qoslavski 1865-ci ildə Varşava quberniyasında doğulmuşdur. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən dərhal sonra ona Bakıda Aleksandr Nevski kilsəsinin tıkintisinə başçılıq etmək həvalə olunmuşdu. Bu tikintiyə həm də ona görə xüsusi diqqət yetirilirdi ki, Pravoslav kilsəsinin ilk təməl daşının qoyulması mərasimində imperator III Aleksandr özü iştirak edəcəkdi. Lakin bu möhtəşəm abidə -“Qızıl kilsə” sovet hakimiyyəti illərində dağıdıldı. Onun ərazisində indi Bakının 189 və 190 nömrəli məktəbləri yerləşir.
1892-ci ildə 27 yaşlı Qoslavski Bakı şəhərinin baş memarı təyin edilir. Həmin vəzifədə olduğu 12 il ərzində o, bu gün də şəhərimizi bəzəyən gözəl tikililərin layihələrini həyata keçirmişdir. Bunlar Tağıyevin evi (Azərbaycan Tarixi muzeyinin binası), Əzizbəyov adına xəstəxana binaları kompleksi, MEA–nın Əlyazmalar İnstitutunun binası, Texniki məktəbin, Texnika cəmiyyətinin binaları və başqalarıdır. Lakin Qoslavskinin ən yaxşı memarlıq əsəri indiki Bakı Şəhər İcra Hakimiyyətinin binasıdır. Ancaq onu tamamlanmış halda görmək memara qismət olmadı, tikinti onun ölümündən bir neçə ay sonra başa çatdı.
Onun Bakıda dəfn edildiyi yer, təəssüflər olsun ki, itirilmişdir... İ.Qoslavskinin qohumlarının Polşada yaşadığı güman edilir (arvadı və iki övladı Polşada, kiçik qızı isə Bakıda yaşayırdı). Bakıdakı “Azərbaycan-Poloniya”cəmiyyəti onların axtarışı ilə məşğul olmağı qərara almışdır. Xatirə gecəsində Qoslavskilərin mənzilində bu yaxınlarda tapılan nadir ailə fotoşəkilləri nümayiş etdirilmişdir.
Beləliklə, bu il Bakı merliyi binasının 100 yaşı tamam olur. İ.Qoslavski İtaliya İntibahının pərəstişkarı idi, buna görə onu Qafqaz Rastrellisi, Bakı Rastrellisi adlandırırdılar. Şübhəsiz ki, bakılılar doğma şəhərə bu qədər töhfə bəxş etmiş insanın xatirəsini heç vaxt unutmamalıdırlar.