“Memarlıq Üsyanı” Norveçin ən gözəl və ən çirkin binalarını açıqlayıb
Stokholm, 28 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
“Memarlıq Üsyanı” hərəkatı ölkənin ən yaxşı və ən pis binasına görə mükafatları artıq beşinci dəfə təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu il “dəhşət medalı” iki obyekt arasında bölüşdürülüb — Sandvikedəki Helgerud kvartalı və Kristiansand şəhərindəki “Üç Bacı” kompleksi. Fəxri mükafat isə iki layihəyə verilib — Oslodakı Blindern tələbə yataqxanası və Oddedə Lothepus tərəfindən tikilən yeni stavkirkaya.
2020-ci ildə yaradılan və uzun müddət “Disney nostalgiyası” kimi istehza ilə qarşılanan hərəkat gözlənilmədən böyük ictimai dəstək qazanıb. İrəliləyiş təşəbbüskar Erik Holmun ideyaları instaqramda paylaşmasından sonra baş verib — tərəfdarların sayı sürətlə artıb və media marağı da kəskin yüksəlib.
O vaxtdan bəri aktivistlər memarlıq müzakirələrinə getdikcə daha çox təsir göstərirlər. Bəzi tikinti şirkətləri onların tənqidləri ilə hesablaşmağa başlayıb, bir sıra layihələr isə ictimai zövqlərə uyğun olaraq dəyişdirilib. Hərəkatın lideri Saher Sururinin sözlərinə görə, siyasətçilər və iş adamlarından onlara müraciətlər getdikcə artır.
Mütəxəssislər qeyd edirlər ki, hərəkat Norveçdə memarlıq barədə söhbəti əhəmiyyətli dərəcədə dəyişdirib - yeni binaların keyfiyyəti və cəmiyyətin ənənəvi üsluba marağı gündəmə gətirilib. Onların real təsirinin nə qədər böyük olacağı yaxın illərdə məlum olacaq, lakin artıq “Memarlıq Üsyanı” mükafatları ölkənin memarlıq gündəmində mühüm hadisəyə çevrilib.