Memarlıq və İnşaat Universitetində istehsalat təcrübəsi davam edir
Bakı, 22 aprel, AZƏRTAC
Koronavirusun (COVID-19) yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) məsafədən tədrisin təşkili istiqamətində mühüm işlər görüb, bu sahədə yetərli təcrübə əldə olunub. Universitetin Təcrübə və karyera mərkəzi fevralın 16-dan etibarən tələbələrin real istehsalat təcrübəsindən geri qalmamaları üçün təcrübənin ənənəvi keçirilmə qaydası ilə bərabər elektron resurslar vasitəsilə məsafəli təşkilinə start verib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ixtisas kafedraları və İKT mərkəzinin dəstəyilə Təcrübə və karyera mərkəzi həftədə 2 dəfə olmaqla 124 təcrübə rəhbərinin 1700-dən çox tələbə ilə “Zoom” platforması üzərindən interaktiv formada məsafəli görüşlərinin təşkilinə nəzarət edir. Məsafəli təcrübə zamanı rəhbərlər tələbə və magistrantları real istehsalatda tətbiq edilən layihələr, istifadə olunan qurğular, avadanlıqlar və s. zəruri məlumatlarla tanış edir. Eyni zamanda, təcrübənin daha təkmil keçirilməsi məqsədilə bu görüşlərə tərəfdaş müəssisələrdən ixtisaslaşmış mütəxəssislər cəlb edilir. Təcrübə prosesinin məsafəli təşkil olunması vaxt, məkan baxımından əlverişli şərait yaradaraq tələbə və müəllim heyəti tərəfindən razılıqla qarşılanır.
Hazırda təcrübə prosesi həm əyani, həm də məsafəli formada uğurla davam edir.