İQTİSADİYYAT
Məmməd Abbasbəyli: Ötən il 139 yeni dövlət standartı qəbul edilib
Bakı, 18 yanvar, AZƏRTAC
2023-cü ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 139 yeni dövlət standartı qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfrasında bildirib.
M.Abbasbəyli qeyd edib ki, bu, ötən il qeydə alınan göstərici ilə müqayisədə iki dəfədən çox artım deməkdir.
“Hesabat dövründə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğu qiymətləndirən 85 qurumu akkreditasiya edib. Azərbaycan Metrologiya İnstitutu ölkəyə idxal olunan mindən çox ölçmə vasitəsinin tipə uyğunluğunu tanıyıb və onlara dair məlumatlar dövlət reyestrinə daxil edilib. Sahibkarlıq subyektlərinə Dövlət Xidməti tərəfindən 72 min 554 mənşə sertifikatı verilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur”, - deyə M.Abbasbəyli əlavə edib.