ELM VƏ TƏHSİL
Məntiq olimpiadasının qalibləri mükafatlandırılıblar VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV-lərin təmsilçiləri iştirak ediblər.
BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə əvvəlcə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb. Vurğulanıb ki, BŞTİ-nin və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə maraqlarını artırmaqdır.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva istedadlı şagirdləri aşkara çıxarmaq, məktəblilər arasında məntiqə marağı artırmaq istiqamətində müvafiq addımlar atıldığını bildirib.
M.Vəliyeva V-VI sinif şagirdləri arasında artıq ikinci dəfədir ki, təşkil olunan Lütfi Zadə adına Məntiq Olimpiadasının məktəblilər tərəfindən maraqla qarşılandığını söyləyib. Olimpiadanın final mərhələsində 1.859 şagirdin iştirak etdiyini deyən idarə müdiri onlardan 59-nun finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşdüyünü, 842 şagirdin isə 50-80 faiz arasında nəticə göstərərək olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görüldüyünü qeyd edib.
“İstək” liseyinin direktoru Samir Şəmiyev olimpiadanın Azərbaycanda məntiqi təfəkkürü daha güclü olan şagirdlərin istedadlarının erkən yaşlarda aşkarlanması, onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etmələri baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Bilik yarışının qaliblərini təbrik edən təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb. O, son illərdə təhsil sahəsində şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü bildirib. İstedadlı şagirdlərin seçilib inkişaf etdirilməsində olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyətini xüsusi vurğulayan nazir müavini gələcəkdə məntiq olimpiadasının coğrafiyasının daha da genişləndirilməsi mümkünlüyünü diqqətə çatdırıb.
Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.