MƏNZİL FONDUNUN 85 FAİZİ ÖZƏLLƏŞDİRİLMİŞDİR
Bu sahədəki xidmətlərin daha da təkmilləşdirilməsi ilə əlaqədar güclü hüquqi bazanın yaradıldığını bildirən A.Qaraşov dedi ki, məqsəd daşınmaz əmlaka dövlət qeydiyyatı verilməsini vahid formada həyata keçirməkdir. Qanunvericilikdə nəzərdə tutulan hüquqi qeydiyyatlar əmlakın yerləşdiyi ərazilər üzrə aparılır. Bu məqsədlə Xidmətin 24 ərazi idarəsi yaradılmışdır. Onlardan 4-ü işğal altında olan rayonların payına düşür. Əhaliyə göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədi ilə ərazi idarələrində internetə çıxış təmin edilmiş, bütün idarələrin adına elektron ünvanlar açılmışdır. İndi İpoteka qeydiyyatı bir iş günü ərzində qeydiyyata alınaraq vətəndaşa təqdim olunur. Cari ilin aprel-avqust aylarında 2426 İpoteka dövlət qeydiyyatına alınmışdır. Ötən il məcburi köçkünlərin məskunlaşdıqları 9 rayonda dövlət büdcəsindən ayrılan vəsait hesabına onların evlərinin pasportlaşdırılmasına 75 min manat xərclənmişdir. 2007-ci ildə bu xərclərin 500 min manata çatacağı nəzərdə tutulmuşdur.
İndiyədək respublikada mənzil fondunun 85 faizinin özəlləşdirildiyini bildirən Xidmətin rəisi dedi ki, bu vaxta qədər ərazi idarələrinə hüquqi və fiziki şəxslər tərəfindən 90 minə yaxın ərizə və müraciət daxil olmuşdur. Bunun nəticəsində 50 minə yaxın hüquq qeydiyyata alınmışdır. Onların 10 minə yaxını torpaq sahələri üzərindəki hüquqların qeydiyyatı ilə əlaqədardır.
Xidmətin strukturlarında 679 nəfər çalışdığını xatırladan A.Qaraşov dedi ki, onlardan 618 nəfər təsərrüfat hesabı prinsipi ilə işləyir. Mərkəzi aparatda isə 6 şöbə fəaliyyət göstərir. İlin əvvəlindən bəri Xidmət tərəfindən dövlət büdcəsinə 1 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna isə 200 min manatdan çox vəsait köçürülmüşdür.