“M.Ə.Rəsulzadənin millət, milli birlik və milli dövlət anlayışı: ənənə və müasirlik” - elmi seminar
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “M.Ə.Rəsulzadənin millət, milli birlik və milli dövlət anlayışı: ənənə və müasirlik” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Seminarı açan Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edildiyini, bununla bağlı AMEA-da da bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Sonra seminarda Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin məruzəsi dinlənilib. Professor məruzəsində M.Ə.Rəsulzadənin hələ gənc yaşlarından inqilabi fəaliyyətə sosial-demokrat kimi başladığını bildirib. Onun 1908-ci ildə Məşrutə inqilabını araşdırmaq üçün İrana getdiyini, Səttarxanla, Seyid Həsən Tağızadə ilə görüşlərini qeyd edib və bütün bunların onun siyasi baxışlarında böyük dəyişiklik yaratdığını, Cənubi azərbaycanlıların hüquqları, dil problemləri ilə maraqlandığını və İrana demokratiya düşüncəsini birinci gətirənlərdən biri olduğunu diqqətə çatdırıb.
S.Rüstəmova-Tohidi M.Ə.Rəsulzadənin siyasi nəzərlərində növbəti dəyişikliyin İstanbula getməsindən sonra baş verdiyinə diqqəti çəkib və onun türk xalqlarının azadlığı ilə bağlı baxışlarından bəhs edib. M.Ə.Rəsulzadənin Azərbaycana qayıtdıqdan sonra 1913-1917-ci illərdə ideoloq kimi yetişdiyini deyən professor onun siyasi xadim, siyasi lider kimi ön sıraya çıxdığını vurğulayıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.