İQTİSADİYYAT
Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim təşkil olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankında (AMB) media nümayəndələri üçün növbəti təlim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, təlimdə “Ödəniş sistemləri və Ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu” və “Gəlirlilik əyrisi” mövzularında təqdimatlar keçirilib.
Ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərindən irəli gələn çağırışların və bu istiqamətdə aidiyyəti üzrə görülən işlərin cəmiyyətə düzgün kommunikasiya edilməsi, media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin makroiqtisadiyyat və maliyyə sistemi, xüsusən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Pul və maliyyə sabitliyi siyasətinin, maliyyə sistemində aparılan islahatların geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.
Təlimdən sonra iştirakçıların AMB-nin sədri Taleh Kazımovla görüşü keçirilib. Görüşdə jurnalistləri maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb.