MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA AŞPA XÜSUSİ KOMİTƏSİNİN SEÇKİQABAĞI MİSSİYASI İLƏ GÖRÜŞ
Qonaqları salamlayan Mərkəzi Seçki Komissiyasının sədri onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirmiş və ölkədəki seçkiqabağı vəziyyət barədə qısa məlumat vermişdir.
AŞPA-nın Azərbaycanda parlament seçkilərinin müşahidəsi üzrə Xüsusi Komitəsinin sədri Leo Platvoyet seçici vəsiqələrinin seçicilərə çatdırılması mexanizmi, seçici vəsiqələrinin paylanması sahəsində işlərin gedişi barədə suallar vermişdir. MSK sədri seçici vəsiqələrinin seçicilərə şəxsən çatdırıldığını və seçici siyahılarındakı seçicilərin 90 faizindən çoxunun seçici vəsiqələri ilə təmin olunduğunu bildirmişdir.
Xüsusi Komitədə təmsil olunan Andreas Qross və Andres Herkelin hərbçilərin və məhkumların səsverməsi, aşağı seçki komissiyalarının fəaliyyət prinsipləri barədə suallarını komissiyanın sədri ətraflı cavablandırmışdır.
Məcburi köçkünlərin səsverməsi məsələsi xüsusi müzakirə mövzusu olmuşdur. M.Pənahov qonaqların diqqətinə çatdırmışdır ki, 400 mindən çox məcburi köçkün seçicinin seçki hüququ pozulur. Onlar bütün ölkə ərazisinə yayılmışlar. Belə ki, bir seçki dairəsi hər hansı bir şəhərdə yerləşir, lakin həmin seçki dairəsinin seçiciləri isə bütün ölkə ərazisində məskunlaşıblar. Müvafiq olaraq seçki məntəqələri də respublikanın bütün hüdudlarına yayılıbdır. Məcburi köçkünlərin qeydiyyatda olduqları seçki dairələrinin hamısında bu vəziyyət hökm sürür. Ona görə də səsvermə günü həmin dairələrin seçki məntəqələrindən məlumatları almaq və toplamaq çətinlik yaradır. Lakin çətin də olsa, bu işin öhdəsindən gəlirik.
Görüşün sonunda qonaqlar səmimi qəbula görə təşəkkürlərini bildirmiş və Mərkəzi Seçki Komissiyasına uğurlar arzulamışlar.