MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR–MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Tədbiri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi seçkilərin hazırlanıb keçirilməsində əsas hüquqi baza rolunu oynayır və bununla yanaşı Prezident İlham Əliyevin 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamları da bu sahədə ciddi standartlar formalaşdırmışdır. Həmin sərəncamlar seçkilərin hazırlanıb keçirilməsi dövrü üçün zəruri olan bütün hərəkət və tədbirləri özündə ehtiva edir və biz istər bu, istərsə də bundan sonrakı seçkilərdə həmin sərəncamlar əsasında formalaşmış standartlardan geri çəkilmək fikrində deyilik.
MSK sədri seçkilərin çox məsul bir mərhələsinin arxada qaldığını bildirmiş və namizədlərin qeydə alınması prosesinin başa çatdığnı vurğulamışdır. Sədr demişdir ki, bu mərhələdə namizədlərin qeydə alınmasından imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına cəmi bir neçə müraciət daxil olmuş və MSK müvafiq seçki komissiyasının qərarını qüvvədən düşmüş hesab edərək müraciət edən şəxslərin namizədliyinin qeydə alınması haqqında qərar çıxarmışdır. Bizim prinsipial mövqeyimiz həmişə bundan ibarət olub ki, vətəndaşların həm fəal, həm də qeyri-fəal seçki hüququnun gerçəkləşdirməsinə yardım göstərək. Bundan sonra da mövqeyimiz dəyişməyəcəkdir.
Seçkiqabağı təşviqat mərhələsinin başlandığına da diqqəti çəkən M.Pənahov qeyd etmişdir ki, bələdiyyələrə seçkilərdə təşviqat kampaniyaları lokal xarakter daşısa da, dairə seçki komissiyaları bu prosesi ciddi nəzarətdə saxlamalıdırlar. Bütün namizədlərə bərabər rəqabət şəraiti yaradılmalı, qanunun bu sahə ilə bağlı tələbləri tam yerinə yetirilməlidir.
Mərkəzi Seçki Komissiyasının sədri yaxın günlərdə aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində seçki keçiriləcək rayonlarda treninqlərə başlanacağını bildirmişdir. O, dairə seçki komissiyaları rəhbərlərinin nəzərinə çatdırmışdır ki, hər bir aşağı seçki komissiyası üzvünün treninqlərdə iştirakı vacibdir. Çünki treninqlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, seçki vərdişlərinin təkmilləşdirilməsinə və onların hüquqi biliklərinin artırılmasına xidmət edir.
Seminar-məşğələdə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucovun “Bələdiyyə seçkilərində seçkiqabağı təşviqatın aparılma qaydaları” mövzusunda məruzəsi dinlənilmişdir. Sonra bəzi dairə seçki komissiyaları sədrlərinin görülmüş işlər barədə hesabatları dinlənilmişdir. Sonda iştirakçıların sualları cavablandırılmışdır.