MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Milli Məclisə seçkilərdə seçicilərin təşəbbüs qruplarının yaradılması, vətəndaşın öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi irəli sürmələrinin qaydaları haqqında Təlimat müzakirəyə çıxarılmışdır. Bu məsələ barədə Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov məlumat vermişdir. MSK həmin Təlimatın təsdiqi barədə qərar qəbul etmişdir.
Sonra Komissiya Milli Məclisə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında məsələyə baxmışdır. Mərkəzi Seçki Komissiyası bu məsələnin müsbət həlli barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar-Daşkəsən seçki dairələrində Milli Məclisə seçkilər üzrə 2004-cü il oktyabrın 19-na təyin olunmuş əlavə seçkilərə hazırlıqla əlaqədar keçiriləcək seminar-müşavirənin gündəliyi barədə məlumat vermişdir. Komissiyanın üzvləri seminar-müşavirənin gündəliyini bəyənmişlər.
İclasda 5 saylı Culfa-Babək, 65 saylı Sabirabad-Kürdəmir, 110 saylı Zaqatala və 113 saylı Şəki şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar qəbul olunmuşdur.
Sonra cari məsələlər müzakirə edilmişdir.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun Bakı ofisinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.