MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Mərkəzi seçki komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə komissiyanın üzvləri icraatlarında olan müraciətlər barədə məlumat vermişlər. MSK müraciətlərdən 3-nün aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev seçkilərin hazırlanması və keçirilməsi dövründə fəaliyyətlərində nöqsanlara yol vermiş dairə və məntəqə seçki komissiyaları haqqında məsələ barədə məlumat vermişdir. MSK həmin dövrdə nöqsanlara yol vermiş 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd və 125 saylı Zəngilan-Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibinin buraxılması haqqında qərar qəbul etmişdir. Bundan əlavə, bir sıra məntəqə seçki komissiyalarının tərkibinin buraxılması haqqında da qərar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov MSK tərəfindən araşdırma nəticəsində müəyyən edilən cinayət ehtimalı olan materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 29 məntəqə seçki komissiyasının həmin materiallarının respublikanın Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.