“Metroda kitab oxu” adlı sosial aksiya keçirilib
Bakı, 17 mart, AZƏRTAC
Sabunçu Gənclər evinin və “Bakı Metropoliteni” QSC-nin birgə əməkdaşlığı çərçivəsində “Metroda kitab oxu” adlı sosial aksiya keçirilib. “Könüllülər ili” çərçivəsində keçirilən aksiya Sabunçu Gənclər evi könüllülərinin iştirakı ilə təşkil olunub.
Sabunçu Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, aksiyanın keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində keçirilən zamanın səmərəli dəyərləndirilməsi üçün gənclərin timsalında hər bir kəsi kitab oxumağa cəlb etmək olub. “Metroda kitab oxu” adlı sosial aksiya çərçivəsində metropolitenin daxilində - qatarlarda və vaqonlarda, metronun stansiyalarında, yeraltı keçidlərdə Sabunçu Gənclər evinin könüllüləri sərnişinlərə kitab hədiyyə edərək onları mütaliəyə çağırıblar.
Sabunçu Gənclər evi Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.