MEYMUNLARDA DA ƏSNƏMƏK ƏSNƏMƏ GƏTİRİR
AZƏRTAC xəbər verir ki, Britaniyanın “Qardian” qəzetinin yazdığına görə, Stirlinq Universitetinin psixoloqu Annika Pokner demişdir: “Əslində, bütün heyvanlar əsnəyir, lakin biz bilmirik ki, onlar bunu nə üçün edirlər və əsnəmənin funksiyası nədir. Fərziyyələrdən biri empatiya, başqasının dərdinə şərik olmaqdır. Belə çıxır, insanlar, yaxud meymunlar əsnəşəndə bir-birinin dərdinə şərik olurlar.
Tədqiqatlar göstərmişdir ki, insanların 60 faizi əsnəşir. Biz müxtəlif vəziyyətlərdə - səhər yuxudan duranda, gecə yatmağa gedəndə, yorulanda, yaxud acanda əsnəyirik.
Stirlinqin tədqiqatçıları öz eksperimentlərində bir neçə makakanın qarşısına əsnəyən həmcinslərinin videotəsvirlərini qoymuşlar. Balaca primatlar oxşarlarının ağız hərəkətlərini görüb, bu hərəkətləri təkrar etməyə başlamışlar. Xanım Pokner demişdir ki, belə nəticə psixoloqları təəccübləndirmişdir. Bundan əlavə, makakalar qaşınmağa başlamışlar ki, bu da ifrat əsnəmənin ikinci səbəbidir. Makakaların, həqiqətən, bir-birinin dərdinə şərik olmaları, yaxud yalnız potensial təhlükəyə belə cavab vermələri məsələsinin isə əlavə tədqiqata ehtiyacı vardır.