Milli Aviasiya Akademiyasında Xocalı şəhidləri anılmışdır
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Milli Aviasiya Akademiyasında (MAA) Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
MAA-nın ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə akademiyanın ictimaiyyətlə əlaqə üzrə prorektoru Şəmsəddin Axundov diqqətə çatdırmışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın əsgərləri ilə birlikdə dünyanın gözü qarşısında tarixdə bənzəri olmayan qəddarlıq və vəhşiliklə Xocalı soyqırımını törətmişlər. Əvvəlcədən hazırlanmış plan əsasında Xocalı şəhərinə 5 istiqamətdən hücum edən erməni quldurları əliyalın dinc mülki əhalini güllə-baran etmiş, bir gecədə Xocalı şəhəri yerlə-yeksan olunmuşdur.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu qırğın nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları və digər bədən əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
“Xocalı soyqırımı” mövzusunda məruzə edən MAA-nın ictimai fənlər kafedrasının professoru, fəlsəfə elmləri doktoru Cahangir Məmmədov bu soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət aktı olduğunu vurğulamışdır.
MAA-nın avianəqliyyat istehsalatı fakültəsinin II kurs tələbələri Ceyhun Əliyev “Xocalı faciəsinə aparan yol”, Sahil Həsənov isə “Xocalı faciəsi” mövzusunda çıxış etmişlər.
Sonda Dağlıq Qarabağdakı separatçı rejimin işğal altında olan Xankəndidə işə salmaq istədiyi aeroportla əlaqədar “Xocalıdan erməni təyyarəsi qalxmamalıdır” mövzusunda çıxış edən MAA-nın əməkdaşı, Əməkdar Jurnalist Yusif Kərimov ermənilərin məkrli niyyətlərindən bəhs edərək, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisinin qeyri-qanuni olduğunu bildirmiş və Azərbaycan dövlətinin bununla razılaşmayacağını diqqətə çatdırmışdır.