MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Moldova Prezidenti Vladimir Voronin aprelin 24-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. Ali qonağa məlumat verildi ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır. 1895-1897-ci illərdə tikilmiş və Bakının memarlıq abidələrindən sayılan bu bina Azərbaycan milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrinin bariz nümunəsidir.
Orta əsr Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalar Moldova Prezidentində xüsusi maraq doğurdu.
Ali qonağa bildirildi ki, 130-dan çox işçinin çalışdığı muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş və yeni görkəm almışdır.
Muzeylə tanışlıqdan xoş təəssürat alan Moldova Prezidenti fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
![]() |
![]() |

