MİLLİ BANKDA “MALİYYƏ PROQRAMLAŞDIRILMASI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, maliyyə proqramlaşdırılması ölkənin makroiqtisadi vəziyyətinin təhlili üçün istifadə edilən sistemli metoddur. Bu sistemin vasitəsilə iqtisadiyyatın dörd sektoru – pul sistemi, büdcə, tədiyə balansı və real sektor arasında olan əlaqələrin inkişaf meylləri, habelə bu sektorların özlərinin daxilində baş verən dəyişikliklər öyrənilir. Bunun əsasında isə ölkənin makromaliyyə modeli qurulur, perspektivlər üçün proqnozlar verilir.
Hazırda Milli Bankda istifadə edilən maliyyə proqramlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparılır və indiki seminarın keçirilməsindən də məqsəd bu sahədə böyük iş təcrübəsinə malik xarici mütəxəssisin tövsiyələrini dinləməkdir. “SECO”nun eksperti bir sıra dünya ölkələrinin mərkəzi banklarında statistik təhlil və maliyyə proqramlaşdırılması sistemlərinin qurulmasında yaxından və birbaşa iştirak etmişdir.