Milli Kitabxanada “Professor Kamil Vəli Nərimanoğlu - 80” adlı sərgi istifadəçilərə təqdim olunub
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasında ədəbiyyatşünas, ədəbi tənqidçi, türkoloq, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Professor Kamil Vəli Nərimanoğlu – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə professor Kamil Vəli Nərimanoğlunun həyat və yaradıcılığı haqqında nəşrlər, müəllifi olduğu əsərlər, “Ön söz” yazdığı, tərcüməçisi, tərtibçisi və redaktoru olduğu monoqrafiyalar, Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, eləcə də dövri mətbuat materialları nümayiş edilib.
Kamil Vəliyevin elmi fəaliyyəti dilçilik, folklor, poetika və türkoloji araşdırmalar istiqamətində sistemli tədqiqatlarla xarakterizə olunur. O, Məhəmməd Füzulinin “Türk divanının dibaçəsi”, Əlişir Nəvainin “İki dilin mübahisəsi” və Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərlərinin nəşrlərinə elmi “Ön söz” yazıb, əsərlərin tərcümə və nəşrinə elmi rəhbərlik edib.
Kamil Vəliyev 40-dan çox elmi monoqrafiyanın və 500-dən artıq elmi məqalənin müəllifidir, dünyanın 20-dən artıq ölkəsində keçirilmiş beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.