MİLLİ MƏCLİS AVROPA PARLAMENTİNƏ MÜRACİƏT EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının fevralın 20-də keçirilmiş iclasında deputatlar Avropa Parlamentinin qəbul etdiyi “Azərbaycanda mədəni irs” adlı sənədə etirazlarını bildirmişlər. Komissiyanın sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir ki, Avropa Parlamentinin qəbul etdiyi sənəd heç də ölkəmizin maraqlarına xidmət etmir. Azərbaycan təcavüzə məruz qalmış ölkədir və işğal olunmuş ərazilərimizdəki qədim, tarixi mədəniyyət abidələrimiz, yüzlərlə qəbirlərimiz ermənilər tərəfindən tamamilə dağıdılmış, məhv edilmişdir. Lakin, buna baxmayaraq, bəzi təşkilatlar məsələyə ikili standartlardan yanaşırlar. Azərbaycan bu məsələyə biganə qalmayacaq və öz sözünü deyəcəkdir. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası Xarici İşlər Nazirliyi ilə birlikdə həmin sənədi araşdırır və məsələ əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunacaqdır. Sonra Milli Məclis adından Avropa Parlamentinə etiraz məktubu göndəriləcəkdir.