MİLLİ MƏCLİS MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ TƏRKİBİNDƏ DƏYİŞİKLİK ETDİ
Əvvəlcə parlamentin rəhbəri Murtuz Ələsgərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini, hərbi qulluqçuları, deputatları və xalqımızı səmimi qəlbdən təbrik etmişdir. Çıxış edən deputatlar, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaranmış ordumuzun qüdrətindən danışmış, Azərbaycan əsgərinin torpaqlarımızı düşmən tapdağından azad etməyə qadir olduğunu və Ali baş komandanın əmrini gözlədiyini diqqətə çatdırmışlar.
İclasda deputatlar cari məsələlərə dair bəzi təkliflərlə çıxış etmişlər. Murtuz Ələsgərov qaldırılan problemlərə öz münasibətini bildirmişdir.
Sonra gündəlikdəki layihələrin müzakirəsinə başlanmışdır.
Milli Məclisin qərarı ilə İnqilab Maşallah oğlu Nəsirov Mərkəzi Seçki Komissiyasının üzvlüyündən azad olunmuş və Apellyasiya Məhkəməsinin hakimi təyin edilmişdir.
Milli Məclisin digər qərarı ilə Əzizbəyov Rayon Məhkəməsinin hakimi Natiq Seyfulla oğlu Məmmədov Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.
Daha sonra “Məlumat bazalarının hüquqi qorunması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək əsas kimi qəbul olunmuşdur. Layihənin maddə-maddə müzakirəsi növbəti iclasda davam etdiriləcəkdir.