MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Parlamentin sədri ölkələrimiz arasındakı münasibətlərin tarixini xatırlatdı və dedi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra əlaqələrimiz daha da inkişaf etməyə başlamışdır. O, münasibətlərimizin bugünkü səviyyəyə çatmasında dövlət başçılarının rolunu, qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğuladı, parlamentlər arasındakı əlaqələrin səviyyəsini də yüksək qiymətləndirdi.
Azərbaycanda həyata keçirilən islahatlardan, əldə edilmiş uğurlardan danışan Milli Məclisin sədri xatırlatdı ki, Almaniyanın bir sıra şirkətləri ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymuşdur. Azərbaycan sürətlə inkişaf edir, amma, bəzi problemlər ölkəmizin inkişafına və Qərbə inteqrasiyasına ciddi maneə törədir. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Murtuz Ələsgərov münaqişənin kökləri, problemin həllində ölkəmizin mövqeyi barədə qonaqlara ətraflı məlumat verdi, bu məsələnin həllində Azərbaycanın mövqeyini müdafiə etdiyi üçün Almaniya hökumətinə minnətdarlığını bildirdi.
Nümayəndə heyətinin başçısı Kristof Berqner Bundestaq sədrinin salamlarını Murtuz Ələsgərova çatdıraraq dedi ki, Almaniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Xarici işlər naziri Yoşka Fişerin Bakıya səfəri zamanı ikitərəfli münasibətlərin inkişafına dair əldə olunmuş razılaşmalar Bundestaqda böyük maraq doğurmuşdur. Nümayəndə heyətinin Azərbaycana indiki gəlişi də həmin səfərin məntiqi davamıdır. Almaniya Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq cəhdlərini də yüksək qiymətləndirir və bu istiqamətdə hər cür kömək göstərməyə hazırdır. İkitərəfli əlaqələrin istənilən səviyyədə inkişaf etdirilməsi üçün qanunvericilik bazasının möhkəmləndirilməsinin vacibliyini vurğulayan qonaq bu mövzu ətrafında müzakirələr aparmaq istədiklərini vurğuladı.
Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi edildi.