MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR
Oqtay Əsədov xatırlatmışdır ki, Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin səyi nəticəsində MDB PA-ya üzv olmuşdur. Bu qurumun bizim üçün əhəmiyyəti böyükdür, deputatlarımız Assambleyanın iclaslarında tez-tez olur, sıx əlaqələr qurur, əməkdaşlıq edir, qanunvericilik sahəsində təcrübə müdadiləsi aparırlar. Hesab edirəm ki, bu görüşümüz həm parlamentlərimiz, həm də ölkələrimiz arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək, münasibətlərimiz daha da genişlənəcəkdir.
Mixail Krotov Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə RF Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun adından və öz adından təbrik etmişdir.
O demişdir ki, 2005-ci il Rusiyada Azərbaycan ili elan edilib, 2006-cı ildə isə Azərbaycanda Rusiya ili keçiriləcəkdir. Biz Rusiyada Azərbaycan ilinin keçirilməsinə öz töhfəmizi vermişik və istərdik ki, Sizin köməyinizlə Azərbaycanda Rusiya ilində iştirak edək. Gələn il həm də Rusiya Dövlət Dumasının 100 ili tamam olur. Bununla əlaqədar silsilə tədbirlər keçiriləcəkdir. Rusiyada parlamentarizmin qurulmasında azərbaycanlıların da böyük xidmətləri olmuşdur və onlar Dumanın işində fəal iştirak ediblər. Yubiley tədbirlərində Sizin də iştirakınız bizim üçün xoş olardı.
Görüşdə qanunvericilik sahəsində əməkdaşlığa, əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılmışdır.
X X X
Milli Məclisin sədri Oqtay Əsədov həmin gün Bakıda səfərdə olan Gürcüstan parlamentinin deputatı Kamal Muradxanlını və bu ölkənin Azərbaycandakı səfiri Zurab Qumberidzeni də qəbul etmişdir.
Milli Məclisin sədri vurğulamışdır ki, iki qonşu ölkə arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etməsi üçün gözəl zəmin vardır. Biz çalışacağıq ki, münasibətlərimiz bundan sonra da möhkəmlənsin və genişlənsin. Çox şadam ki, Milli Məclisin sədri kimi məni ilk olaraq Gürcüstanın səfiri və qonşu ölkənin deputatı təbrik etdi. Düşünürəm ki, bu, həm də gözəl başlanğıcdır.
Kamal Muradxanlı Oqtay Əsədovu Azərbaycanda keçirilən seçkilərin müvəffəqiyyətlə başa çatması və Milli Məclisin sədri seçilməsi münasibətilə Gürcüstan parlamentinin sədri Nino Burcanadzenin adından təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Deputat demişdir ki, Bakıya səfərdən əsas məqsəd ümummilli lider Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə əlaqədar keçirilən anma mərasimlərində iştirak etmək idi. Dünya miqyaslı siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi Gürcüstanda da ehtiramla anılır. Gürcü xalqı Heydər Əliyevi heç zaman unutmayacaq və onun əziz xatirəsini daim yaşadacaqdır.
Azərbaycan və Gürcüstan prezidentləri arasındakı mehriban dostluq münasibətlərinin ölkələrimizin əlaqələrinin inkişafına da geniş imkanlar açdığını vurğulayan K.Muradxanlı parlamentlərin bundan maksimum istifadə edəcəyinə və əlaqələrin genişlənməsində yeni mərhələ başlayacağına ümidvar olduğunu bildirmişdir.
Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi olmuşdur.