Milli Məclisdə keçirilən görüşdə Azərbaycanda sosial sahədəki uğurlardan danışılıb
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Hadi Rəcəbli Azərbaycanda sosial sahədə qəbul olunmuş qanunlar, gənc ailələr üçün nəzərdə tutulan güzəştlər, ölkəmizin səhiyyə və təhsil sistemində həyata keçirilən islahatlar, idmanın inkişafı, icbari tibbi sığorta sisteminə keçid, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı və Slavyan Universiteti fəaliyyət göstərir. Azərbaycandakı dini tolerantlıq bir çox ölkələrə nümunədir.
Azərbaycanın iqtisadi inkişafı barədə danışan H.Rəcəbli diqqətə çatdırıb ki, bir çox ölkələrin iqtisadiyyatına ciddi təhlükə yaratmış dünya iqtisadi böhranı demək olar Azərbaycanda hiss olunmadı. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsidir.
Komitə sədri Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərdən də söhbət açıb.
Vyaçeslav Fetisov ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu bildirib. Rusiyada sosial sahənin inkişafı üçün görülən işlərdən danışan qonaq bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.
V.Fetisov Azərbaycanın 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi etməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, yalnız güclü ölkə belə bir böyük tədbiri keçirə bilər. Özünün həm də hokkey ustası olduğunu deyən V.Fetisov ölkəmizdə idmanın bu növünün inkişafı üçün əlindən gələn köməyi etməyə hazır olduğunu söyləyib.