Milli Məclisdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlərdən danışılıb
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov ölkəmizdə diplomatik fəaliyyətə başlayan Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərin, hər iki dövlət başçılarının möhkəmləndirdiyi dostluq və qardaşlığımızın əbədi olduğu bildirilib.
Akademik Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, iki dost və qardaş ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur. Deputat ölkələrimizin parlamentləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birilərini dəstəkləyir və demək olar eyni mövqedən çıxış edirlər.
Əhliman Əmiraslanov səfirə Azərbaycan parlament nümayəndə heyətinin iyunun 7-11-də Türkiyəyə səfəri çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlərindən və onların əhəmiyyətindən danışaraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səmimi görüşə görə minnətdarlığını bildirən Cahit Bağçı Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyətə başlamasından böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.