Milli Məclisin deputatları Xocalı soyqırımı ilə əlaqədar Almaniyada keçiriləcək silsilə tədbirlərdə iştirak edəcəklər
Bakı, 21 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Avropanın bir sıra ölkələrində anma mərasimləri, müxtəlif tədbirlər və aksiyalar keçirilir. Milli Məclisin deputatları Qənirə Paşayeva və Rövşən Rzayev Almaniyada təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün fevralın 21-də Berlin şəhərinə səfərə yola düşmüşlər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Alman-Azərbaycan Forumunun təşkilatçılığı ilə Bundestaqın nəzdində fəaliyyət göstərən Almaniya Parlament Cəmiyyətində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, Almaniya-Azərbaycan münasibətlərinin perspektivləri” mövzusunda simpozium keçiriləcəkdir. Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi ilə Türk-Azərbaycan Birliyi isə Berlin, Frankfurt, Köln, Hamburq və Hannover şəhərlərində anma mərasimləri təşkil edəcəkdir.
“Azərbaycan Evi” Cəmiyyəti ilə Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti Berlində etiraz nümayişi, Bielefelddə yürüş-nümayiş, Drezdendə və Maqdeburqda təbliğat kampaniyaları keçirməyi planlaşdırmışdır. Almaniyada təhsil alan tələbə soydaşlarımız isə ölkənin siyasi, elm və mədəniyyət dairələrinə Xocalı soyqırımı barədə məlumatların göndərilməsini təmin edəcəklər.
Milli Məclisin deputatları bu tədbirlərdə yaxından iştirak edəcək, alman ictimaiyyətinə Xocalı soyqırımı barədə ətraflı məlumat verəcək, Azərbaycan həqiqətlərinə dair sənədlər yayacaqlar.
Ötən il Almaniyada ilk dəfə işıq üzü görmüş “Xocalı” kitabının müəllifi Rolf Kunş ilə görüş və fikir mübadiləsi də nəzərdə tutulmuşdur.