MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının dövlət bayrağının istifadə qaydaları haqqında” qanun layihələri və “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamə layihəsi müzakirə olunmuşdur.
Müzakirələr zamanı qeyd edilmişdir ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsində “Siyasi partiyalar haqqında”, “Dövlət qulluğu haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi təklif olunur. Əlavə və dəyişikliklərin bəziləri redaktə xarakterlidir.
İnzibati Xətalar Məcəlləsinə edilən əlavədə (maddə 326.2) deyilir ki, feldyeger rabitəsini həyata keçirən əməkdaşlara maneçiliyə görə xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən əlli mislinədək cərimə olunur. 402.3-cü maddəyə edilən əlavədə isə deyilir ki, feldyeger rabitəsini həyata keçirən əməkdaş tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər yoxlanıla bilməz.
Cinayət Məcəlləsinin 314-cü maddəsinə edilən əlavədə isə vəzifəli şəxslərə dövlətin müstəsna mülkiyyətində olan və özünüküləşdirilməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etməyə görə cəza müəyyən edilir. Göstərilənləri nəzərə almadan qanunsuz qərar qəbul edən vəzifəli şəxs 3 ilədək müddətə müəyyən vəzifə və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və yaxud 2 ildən 5 ilədək azadlıqdan məhrumedilmə ilə cəzalandırılacaqdır.
Gündəlikdə duran digər məsələlərə də münasibət bildirildikdən sonra layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.