MİLLİ MƏCLİSİN REGİONAL MƏSƏLƏLƏR DAİMİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Komissiyanın üzvü Tahir Rzayev birinci layihə barədə məlumat verərək bildirmişdir ki, Ağstafa rayonu Böyük Kəsik kənd inzibati ərazi vahidinin tərkibində mövcud olan ərazi vahidinin Ağgöl kəndi adlandırılması, Ağgöl kəndinin Böyük Kəsik kənd inzibati ərazi vahidinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ağgöl kənd inzibati ərazi vahidinin yaradılması; Ceyrançöl və Poylu qəsəbələrinin Poylu yaşayış məntəqəsindən ayrılaraq, Poylu qəsəbəsi mərkəz olmaqla, Poylu inzibati ərazi dairəsinin yaradılması; Həzi Aslanov, Qarayazı və Soyuqbulaq qəsəbələrinin Köçvəlli kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq Qarayazı qəsəbəsi mərkəz olmaqla, Qarayazı qəsəbə inzibati ərazi dairəsinin yaradılması; Kolxəlfəli kəndinin Pirili kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kolxəlfəli kənd inzibati ərazi vahidinin yaradılması; Köhnəqışlaq kəndinin Tatlı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Köhnəqışlaq kənd inzibati ərazi vahidinin yaradılması nəzərdə tutulmuşdur.
İkinci layihə barədə bildirilmişdir ki, Binəqədi rayonu 28 May qəsəbəsinin Xocəsən inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, 28 May qəsəbə inzibati ərazi vahidinin yaradılması nəzərdə tutulmuşdur.
Komissiyanın sədri Zahid Qaralov, üzvləri Fəzail İbrahimli, Nizami Quliyev, Əhəd Abıyev, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə nəzarət mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək irad və təkliflərini bildirmişlər.
Redaktə xarakterli bəzi düzəlişlərdən sonra layihələri Milli Məclisin müzakirəsinə vermək qərara alınmışdır.
Komissiyanın iclasında, həmçinin Qusar Rayon İcra Hakimiyyətinin başçısı ilə Qusar bələdiyyəsinin sədri arasında yaranmış mübahisəyə də münasibət bildirilmişdir. Münaqişənin Ədliyyə Nazirliyinin müvafiq şöbəsi ilə birlikdə yerində araşdırılması qərara alınmışdır.