MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOVUN UKRAYNAYA SƏFƏRİ BAŞA ÇATDI
Kiyevdə keçirilən “Qoy, mənim xalqım yaşasın” beynəlxalq forumunda Bəyannamə qəbul olunmuşdur. Sənəddə Babi Yar faciəsinin həmişə anılacağı ifadə edilmiş və növbəti forumu 2008-ci ildə Berlində keçirmək təşəbbüsü dəstəklənmişdir.
Forumda Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov da iştirak etmişlər.
Azərbaycan parlamentinin sədri həmin gün Kiyevdə ümummilli lider Heydər Əliyevin səfirliyimizin yaxınlığındakı bağdakı abidəsi önünə gül səbəti qoymuşdur.
Bundan sonra səfirlikdə onun UAK rəhbərliyi və fəalları ilə görüşü olmuşdur. O.Əsədov millətimizin və Azərbaycan diasporunun sıx birləşməsinin, diasporumuzun fəaliyyətini gücləndirməsinin əhəmiyyətini vurğulamışdır.
Görüşdə “LUKoyl” neft şirkətinin Ukrayna, Moldova və Belarusda baş direktoru Firuz İsayev, UAK-ın rəhbəri Akif Gülməmmədov, Kiyevin Peçera Rayon Sovetinin deputatı Vilayət Quliyev, biznesmen Oqtay Əfəndiyev, UAK-ın Dnepropetrovsk regional təşkilatının başçısı Qüdrət Hacıyev və digərləri çıxış edərək, diasporun problemlərinə diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkürlərini bildirmiş, Ukraynadakı həmvətənlərimizin yaşayışından və uğurlarından danışmış, tarixi Vətənin tərəqqisi naminə öz sıralarını daha da möhkəmlətmək əzmində olduqlarını ifadə etmişlər.
Elə həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Vətənə yola düşmüşdür.