MİLLİ MƏDƏNİ SƏRVƏTLƏRİMİZİN TALANMASININ QARŞISI ALINMIŞDIR
Rüfət Xəlilovun evində aparılmış axtarış zamanı nadir tarixi və milli mədəni dəyərləri əks etdirən, o cümlədən XX əsrin əvvəllərində fəaliyyət göstərmiş “Nicat” cəmiyyətinin üzərində möhürü olan not vərəqələrində Üzeyir Hacıbəyovun öz əli ilə qeydlər apardığı və orkestrin səslərini köçürdüyü “Leyli və Məcnun” operasının bir neçə partiturası, indiyədək Azərbaycan musiqişünaslarına naməlum qalmış və ikinci operası sayılan “Şeyx Sənan”ın librettosunun ədəbi mətni, bu vaxtadək itmiş hesab edilən “Şah Abbas” və “Xurşudbanu” operasının partiturası və orkestr üçün 3 variantda not səsləri, ilk operettası olan “Ər-arvad”ın klaviri və 7 dəftər orkestr səsləri, onun xüsusi olaraq Moskvanın “Böyük Teatr”ı üçün hazırladığı “Koroğlu” operasının 5 cildlik əlyazma və 4 cildlik klavir variantı, “Firdovsinin 1000 illiyinə”, “Nizaminin 800 illiyinə”, “Samur-Dəvəçi”, “Vətən və cəbhə” adlı kantataları, “Aviatorların marşı”, “Məşədi İbad” operettasının ilkin partitura nüsxəsi, “Babək” operasının yarımçıq fraqmentləri, digər əvəzsiz və qiyməti heç bir ölçüyə sığmayan tarixi və nadir sənədlər götürülmüşdür. Həmin sənət əsərlərinin bir çoxunun üzərində Azərbaycanın musiqi fondunun, müxtəlif kitabxanaların möhürləri vardır.
Bundan başqa, həmin sənədlərin arasında 1941-ci ildə “Arşın mal alan” operettasının Moskva quruluşu ilə bağlı görkəmli teatr xadimi Konstantin Stanislavskinin Üzeyir bəyə yazdığı məktub, eləcə də bəstəkarın həyat yoldaşı ilə, qardaşı Ceyhun bəylə, Müslüm Maqomayev və başqaları ilə yazışmaları aşkarlanmışdır.
Azərbaycan xalqının mədəni irsinə zərbə vura biləcək bu cinayət faktı üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.