MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ GÖRÜŞ
Ölkəmizdə milli təhlükəsizlik sahəsində qəbul edilmiş qanunvericilik aktları, aparılan müvafiq islahatlar barədə qonaqlara məlumat verən nazir E.Mahmudov, qonşu dövlətlərlə əməkdaşlıq və dünya birliyinə inteqrasiya üzrə Azərbaycanda görülən işlər, regionda gedən proseslər, reallıqlar, yeni yanaşmalar və meydana çıxan müxtəlif növ təhlükələr və təhdidlər barədə söhbət açmışdır.
Nazir Eldar Mahmudov beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatlıq doğurduğunu qeyd etmiş, bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyində yeni təhdidlərə qarşı həyata keçirilən adekvat tədbirlərin, yaradılmış çevik qurumların fəaliyyətinin konkret nəticələrini qonaqların diqqətinə çatdırmışdır.
Milli təhlükəsizlik naziri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemə toxunaraq, ölkəmizin işğal olunmuş ərazilərinin, eləcə də həmin ərazinin İranla həmsərhəd 132 kilometr hissəsinin nəzarətdən kənar olduğunu, bu amilin nəinki Azərbaycanın, eyni zamanda bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid doğurduğunu söyləmişdir. Nazir münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmasının vacibliyini və bunun üçün Avropa İttifaqı tərəfindən də səylərin artırılması zərurətini qeyd etmişdir.
Səmimi qarşılandıqlarına və dolğun məlumata görə təşəkkürünü bildirən Stef Qoris, qısamüddətli səfəri ərzində Azərbaycanda sürətlə gedən demokratik dəyişikliklərdən razı qaldığını, ölkəmizdə digər konfessiyaların nümayəndələrinə tolerant münasibətin, əcnəbilərin burada təhlükəsiz yaşaması və işləməsi üçün heç bir problemin olmadığının, əksinə onlara hörmətlə yanaşıldığının şahidi olduğunu bildirmişdir.
Stef Qoris Azərbaycanın regiondakı coğrafi-strateji mövqeyinə, beynəlxalq terrorçuluq təhdidləri ilə üzləşməsi baxımından həssas yerdə yerləşdiyinə toxunaraq, ölkəmizin belə təhlükəli təzahürlər qarşısında sipər rolu oynadığını vurğulamışdır. Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının region, ümumiyyətlə beynəlxalq aləm üçün narahatlıq yaratdığını və bu problemin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli üçün Avropa ölkələrinin də yaxından kömək göstərmələrinin vacibliyi barədə nazir Eldar Mahmudovun fikirləri ilə razı olduğunu diqqətə çatdırmışdır.
İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.