SİYASƏT
Milli təhsil sahəsində qazanılan uğurlarda Heydər Əliyevin müstəsna xidmətləri var
Bakı, 10 may, Həsrət Mahmudova, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günündə dahi rəhbərin məzarını ziyarət etmək üçün gələnlər arasında müəllim Mətləb Əlizadə də var idi. O, hər il mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndərə öz ehtiramını ifadə etdiyini deyir.
AZƏRTAC-a müsahibəsində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə elmə, təhsilə qayğının mühüm yer tutduğunu bildirən M.Əlizadə deyib: “Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində islahatın memarı və qurucusudur. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də tənəzzülün qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yarandı. Bu gün iftixarla demək olar ki, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində qazanılan uğurlarda da Heydər Əliyevin müstəsna xidmətləri var. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür”.