İDMAN
Millinin baş məşqçisi: “Zirə” mərhələni adlaya bilər, “Sent Patriks Atletik” komandası “Makkabi”dən zəifdir
Bakı, 8 avqust, AZƏRTAC
Həm “Zirə”nin, həm də “Sabah”ın növbəti mərhələyə yüksəlmək şansları var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu İlham Yadullayev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün ilk oyunlarını keçirəcək “Zirə” və “Sabah” komandalarının şanslarını dəyərləndirərkən deyib.
O, “Zirə”nin rəqibi olan “Osiyek”in güclü komanda olduğunu bildirib: “Bu proqnozu kağız üzərində verə bilərik. Sonda hər şey meydanda həll olunur. Xorvatiya təmsilçisi “Zirə”nin bundan əvvəlki mərhələdə məğlub etdiyi “Dunayska Ştreda” (Slovakiya) komandasından çox üstündür. Təmsilçimizin heyətində qol epizodlarını yaxşı dəyərləndirə bilən Rafael Utziq və David Volkov kimi futbolçular var. Onlara bugünkü oyunda böyük yük düşəcək. İlk oyundan sonra rəqib barədə geniş danışmaq olacaq. Ancaq mərhələ adlayacağımıza inanıram”.
Hazırda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə rəhbərlik edən İ. Yadullayev “Sabah”ın rəqibi olan “Sent Patriks Atletik”in (İrlandiya) “Makkabi” (İsrail, Hayfa) komandasından zəif olduğunu söyləyib: “Sabah”ın II raundda İsrail təmsilçisi ilə ikinci oyunu çox ağır keçdi. Düşünürəm ki, “Makkabi” ilk görüşdə “tələbələr”i ciddiyə almadı və nəticədə doğma meydanda 3:0 hesabı ilə məğlub oldu. Bakıda keçirilən qarşılaşmada isə komandamız müdafiədə bağışlanmaz səhvlər etdi. Lakin sonluq bizim üçün müsbət qurtardı. Hesab edirəm ki, Hayfa klubu irlandiyalılardan güclüdür. “Sent Patriks Atletik” İngiltərə futbolu üslubunda oyun nümayiş etdirir. Onlarda uzun ötürmələr, sürətli hücuma çıxmalar var. Bu, Krunoslav Renduliçin oyunçuları üçün çətin olacaq”.
Qırx doqquz yaşlı mütəxəssis “Zirə” və “Sabah” komandalarının Konfrans Liqasının qrupuna vəsiqə qazanmaq şanslarına da toxunub: “Əvvəlcədən proqnoz vermək çox çətindir. “Sabah” ilə “Zirə” Avropa yarışlarında “Qarabağ” kimi böyük təcrübəyə sahib deyil. Buna görə fikir söyləmək olmur”.
Qeyd edək ki, “Zirə” “Osiyek”lə Bakı vaxtı ilə saat 22:00-da, “Sabah” isə “Sent Patriks Atletik”lə 22:45-də üz-üzə gələcək.