İDMAN
Millinin məşqçisi: Çalışacağıq ki, qarşıdakı iki oyunda uğurlu nəticələr əldə edək
Bakı, 16 mart, AZƏRTAC
Çalışacağıq ki, qarşıdakı iki oyunda uğurlu nəticələr əldə edək.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bakıda Monqolustan və Bolqarıstanla keçiriləcək oyunlar barədə açıqlamasında deyib.
Mütəxəssis Anton Krivotsyuk və Mahir Emrelinin milli komandaya çağırılmamasına da aydınlıq gətirib: “Heyətdə yer almamaları zədə ilə bağlıdır. Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti təlim-məşq toplanışlarına çağıraq. Yeni simalara gəlincə, Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır”.
O bildirib ki, üç gənc oyunçu - Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov 21 yaşlılardan ibarət milli komandanın düşərgəsinə gedəcəklər: “U-21-i qarşıda rəsmi oyunlar gözləyir, ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, bu futbolçular İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər. Yoldaşlıq oyunlarında nəticə elə də ciddi önəm kəsb etməsə də, biz hər matça qələbə üçün çıxırıq. Qarşımıza qoyulan məqsədlərdən biri də odur ki, hər iki oyunda qələbə qazanaraq, komandanın əhval-ruhiyyəsini daha da yüksəldək. Çalışacağıq ki, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə edək".
Qeyd edək ki, Azərbaycan yığması turnirdəki ilk matçını martın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustan seçməsinə qarşı keçirəcək. Görüş saat 20:00-da baş tutacaq. Kollektiv martın 25-i eyni saatda və eyni məkanda Bolqarıstanla üz-üzə gələcək.