Millinin voleybolçusu: Yenidən Azərbaycanda oynamaq mənim üçün şərəf olar – MÜSAHİBƏ
Bakı, 11 mart, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin və Macarıstanın “Bekeşçabı” komandasının hücumçusu Marqarita Stepanenko AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- May ayında Azərbaycan millisi ilə Qızıl Avropa Liqasında çıxış edəcəksiniz. Turnirdəki şanslarınızı necə qiymətləndirirsiniz?
- Bu barədə indidən nəsə demək tezdir. Hazırda bütün diqqətimi klubdakı çıxışıma yönəltmişəm. Yığmaya Azərbaycan voleybolunun ən tərcübəli siması Faiq Qarayev gətirilib. Düşünürəm ki, onun rəhbərliyi ilə uğur qazanacağıq.
- Yenidən Azərbaycan çempionatına qayıtmağı düşünürsünüz?
- Bəli, niyə də olmasın? Yenidən Azərbaycanda oynamaq şərəfdir. Ancaq hansı klubun olacağını indidən deyə bilmərəm.
Macarıstan Kubokunun finalında ölkə çempionatının iddialı komandalarından “Vaşaş”a məğlub oldunuz. Fikirlərinizi bilmək maraqlıdır...
-Kuboku qazanmağı çox istəyirdik, lakin “Vaşaş” bizdən daha yaxşı mübarizə apardı. Əlimizdən gələni etdik, təəssüf ki, alınmadı. Bu idmandır və istənilən nəticə ola bilər. Rəqib çox keyfiyyətli oyun nümayiş etdirdi.
- Rəqibin heyətində milli komandada birlikdə çıxış etdiyiniz Ayşən Abduləzimova da var idi. Həlledici matçda ona qarşı oynamaq necə hiss idi?
- Oyundan sonra Ayşənlə danışdım və kuboku qazanmaqları münasibətilə təbrik etdim. Ona qarşı oynamaq maraqlı idi (gülür).
- Ölkə çempionatındakı hədəfləriniz nədir?
- Əlbəttə ki, ölkə çempionu olmaq istəyirik. Hazırda yarımfinala vəsiqə qazanmışıq. Qarşıda hələ də qalib gəlməli olduğumuz oyunlar var. Azarkeşlərimizi yaxşı matçlarla sevindirmək istəyirik.