İDMAN
Millinin yeni baş məşqçisi: Azərbaycanda su idman növlərinin inkişafı üçün lazımi şərait var
Bakı, 9 sentyabr, AZƏRTAC
“Azərbaycanda su polosunun inkişafına töhfə vermək üçün bütün bilik və bacarıqlarımdan istifadə etməyə çalışacağam”.
AZƏRTAC xəbər verir ki, bu sözləri su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Panayotis Xronopulos deyib.
Yunanıstanlı mütəxəssis Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) rəhbərliyi ilə bir çox layihələri müzakirə etdiklərini diqqətə çatdırıb: “Hesab edirəm ki, Azərbaycanda su idman növlərinin inkişafı üçün lazımi şərait var. Mənə bildirdilər ki, Bakıda, Gəncədə, Mingəçevirdə və digər regionlarda yaxşı şəraiti olan üzgüçülük hovuzları var. Artıq son illər Azərbaycanın gənc və perspektivli üzgüçüləri beynəlxalq arenalarda yaxşı nəticələr göstərirlər. Bu inkişafın su polosu idman növündə də özünü göstərməsi məqsədilə buradayam. Mənə etimad göstərdiyi üçün AÜF-ün rəhbərliyinə minnətdaram. Çalışacağam ki, qısa müddətdə onların etimadını doğruldum və Azərbaycan millisi su polosunda da yaxşı nəticələr əldə etsin”.
Onun sözlərinə görə həm idmançı, həm də baş məşqçi kimi yerli və beynəlxalq yarışlarda yüksək nəticələrə nail olub: “Ölkə xaricində millinin baş məşqçisi kimi ilk işim olacaq. Uzun illər su polosunda qazandığım təcrübələrdən Azərbaycanda da yararlanmağa çalışacağam. Yığma ilə yanaşı federasiya rəhbərliyi ilə birgə əl-ələ verib, bütün ölkədə su polosunun inkişafına nail olmaq üçün müxtəlif ideya və təkliflərlə gəlmişəm. Ümidvaram ki, birgə əməkdaşlığın effektiv nəticələri yaxın vaxtlarda özünü göstərəcək”.
Qeyd edək ki, Panayotis Xronopulos bu postda Azər Babayevi əvəzləyib. Yunan çalışdırıcı daha əvvəl ölkəsinin aşağı yaş qruplarında, bir sıra yerli klublarda, eləcə də Sinqapurda çalışıb.