Mina xəritələrinin əldə edilməsi insan itkisinin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır
Bakı, 4 iyul, AZƏRTAC
İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etməsindən üç həftə sonra növbəti Füzuli və Zəngilan ərazisindəki minalı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verib. Son 21 gün ərzində üç rayonun minalanan ərazilərinin xəritəsinin əldə edilməsi Prezident İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyətlərin nəticəsidir. Bu, Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin döyüş əməliyyatları zamanı qazandığı nailiyyətlər, Ermənistanın Qarabağ məsələsində yalnız qalması, sonunda işğalçı ölkəni xəritələr məsələsində geri addımlar atmağa vadar etdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində hərbi ekspert Ədalət Verdiyev deyib.
O vurğulayıb ki, əldə edilən iki rayonun xəritələrində 92 min minanın yerləşdiyi koordinatlar əks olunub. Minaların sayı və sıxlığı baxımından hələlik Füzuli və Zəngilan Ağdamdan sonrakı yerdə qərarlaşıb. Lakin Tərtər və Cəbrayıl istiqamətində minalı ərazilərin xəritələri əldə edildikdən sonra mənzərə daha da aydınlaşacaq. Böyük ehtimalla Azərbaycan tərəfi daha çox həmin ərazilərdə basdırılan minalı ərazilərin xəritələrini Ermənistandan geri tələb etməklə təzyiqlərini artıracaq.
Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov humanitar təşəbbüsün həyata keçirilməsində iştirak edib. Münaqişənin nizamlanmasında rəsmi məsuliyyəti və imzası olmayan Gürcüstanın və ABŞ-ın aktiv fəaliyyətləri də alqışa layiqdir.
Hərbi ekspert qeyd edib ki, Azərbaycan tərəfi gündəmdə olan aktual məsələlərin həlli üçün Tbilisi vasitəsilə müxtəlif istiqamət və platformalar seçməklə prosesləri sürətləndirə bilib. Qısa müddətdə üç rayonun minalı ərazilərinin xəritəsinin əldə edilməsi vəziyyəti radikal şəkildə dəyişə biləcək nəticədir.
Hər iki mübadilə prosesi və xəritələrin əldə edilməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qısa müddətdə bərpası, vətəndaşlarının mümkün qədər qısa müddətdə Qarabağa qaytarılması və regionda sabitliyin təmin edilməsi üçün istənilən konstruktiv platformada dialoqa hazır olduğunu göstərir.
Ədalət Verdiyev diqqətə çatdırıb ki, mina xəritələrinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf edilən resursların qənaəti ilə yanaşı, vətəndaşlarımız arasında itkiləri minimuma endirməyə imkan verəcək. Bu xəritələr həm də minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək, Ağdamdan sonra ən böyük layihələrin icra olunduğu Füzuli rayonunun bərpasını və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması proseslərini isə daha da sürətləndirəcək. Eyni zamanda, Füzuli strateji əhəmiyyət kəsb edir. Çünki bütün yol-nəqliyyat infrastrukturu bu ərazidən keçir. Xəritələrin əldə edilməsi insan itkisinin qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.
“Azərbaycan ermənilərin qaytarılması prosesini Ermənistandan fərqli olaraq qisas şousuna çevirmir. Ölkəmizin humanist addımları Ermənistan tərəfinə dəfələrlə yol verdiyi yanlış fəaliyyətləri gələcəkdə təkrarlamaq üçün impuls verməməlidir. Son mübadilə prosesi digər rayonların minalanan ərazi xəritələrinin də Azərbaycana verilməsi ilə davam edəcəyinə ümidlər yaradır.
Azərbaycanın Vətən müharibəsini Zəfərlə başa çatdıraraq ərazilərimizi işğaldan azad etməkdə əsas məqsədi Qarabağa təhlükəsiz şəkildə qayıtmaqdan və oranı yaşamaq üçün dünyanın ən gözəl məkanına çevirməkdən ibarətdir”, - deyə həmsöhbətimiz əlavə edib.