Mingəçevir Dövlət Universiteti İsveç Kral Texnologiya İnstitutuna təcrübə səfərində təmsil olunub
Bakı, 25 iyul, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaş olduğu və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluq etdiyi “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı iqtisadiyyatın təkmilləşdirilməsi: bərpaolunan enerji və iqlim dəyişikliklərinin azaldılması – REFRESH” layihəsi çərçivəsində İsveç Kral Texnologiya İnstitutuna (KTH) təcrübə səfəri həyata keçirilib.
Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib. Səfərdə MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Fariz Bayramov, UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetindən nümayəndələr iştirak ediblər.
Beşgünlük səfər müddətində nümayəndələrə KTH-də enerji texnologiyası, ətraf mühitin dayanıqlılığı və ali təhsilin müxtəlif aspektləri ilə bağlı bir sıra tədbirlər və seminarlar keçirilib. Bu tədbirlərdə Azərbaycanın COP29-a sədrlik etməsinin əhəmiyyəti barədə müzakirələr təşkil olunub.
Səfər çərçivəsində ilk tədbirdə KTH-nin nümayəndəsi Viktor Kordas Azərbaycan nümayəndə heyətini salamlayıb və açılış nitqi ilə çıxış edib. Açılış nitqindən sonra Rauf Məmmədov REFRESH layihəsinin fəaliyyəti barədə məlumat verib və davamında seminar keçirilib. Seminarın əsas məqsədi enerji, ətraf mühit və iqlim dəyişikliyinin azaldılması sahəsində KTH-nin təşəbbüslərinə diqqət yetirməklə, ilkin şəbəkələşmə və fikir mübadiləsi üçün platforma təmin etmək olub.
Təcrübə səfəri çərçivəsində KTH-nin Enerji texnologiyaları departamentinin fəaliyyəti haqqında təqdimat keçirilib. Səfər iştirakçıları dayanıqlı enerji mühəndisliyinə həsr olunmuş laboratoriyaları gəzib, innovativ texnologiyaları və davamlı təcrübələri yaxından müşahidə ediblər. Növbəti günlərdə KTH-də enerji tədqiqatlarının təşkili, xüsusən enerji platformasına dair təqdimatlar keçirilib. Yerli nümayəndə heyəti KTH ilə sosial tərəfdaşlar arasında enerji və iqlim dəyişikliyi sahəsində geniş əməkdaşlıq fəaliyyətləri ilə tanış olub.
Ali təhsildə rəqəmsal alətlər və texnologiyalar, yaşayan şəhərlər təşəbbüsü və effektiv ictimai tərəfdaşlıqlar üzrə müzakirələr KTH-nin davamlı inkişaf üçün icmanın iştirakı ilə texnologiyanın inteqrasiyasına yanaşmasını hərtərəfli başa düşməyi təmin edib. Təcrübə səfərinin yekununda REFRESH layihəsinin menecment görüşü keçirilib və layihənin qarşısında duran növbəti mərhələlər və görüləcək işlər müzakirə olunub.
Qeyd edək ki, bu səfər Azərbaycan universitetləri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin inkişafına dəyərli töhfə verib. MDU belə layihələrdə fəal iştirakını və təcrübə mübadiləsini davam etdirəcək.