Mingəçevir Dövlət Universitetində “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimlər keçirilir
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin təşəbbüsü ilə həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) mentorluq proqramında iştirak etmiş əməkdaşları 2-ci "Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimlərə başlayıblar.
Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib. Bildirilib ki, innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsi məqsədi daşıyan layihənin təlimlərinə MDU-nun 50-yə yaxın tələbə və magistrantı qatılıb.
Mingəçevir “ASAN xidmət”də və MDU-nun Karyera və İnkişaf Mərkəzində təşkil olunan təlimlər “Komanda qurulması və inkişafı”, “Marketinq: bazar təhlili və araşdırılması”, “Sahibkar düşüncə tərzi”, “Layihələrin idarə edilməsi və məhsul inkişafı”, “Dizayn və prototipləşmə”, Məhsul hekayəsi”, “Biznes plan və biznes model”, “Hüquqi məsləhət”, “Maliyyə idarəetməsi strategiyası” və “Fandreyzinq strategiyası” kimi mövzuları əhatə edir.
Təlimlərdən əlavə olaraq universitet rəhbərliyi və layihə əməkdaşları gənclərlə mütəmadi görüşlər keçirir və onlarla motivasiyaedici söhbətlər aparırlar.