“Mingəçevir işıqları” qəzetinin 70 illik yubileyi qeyd edilib
Mingəçevir, 1 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
“Mingəçevir işıqları” qəzetinin 70 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley mərasimindən öncə videoçarx vasitəsilə qəzetin keçdiyi yola nəzər salınıb.
Yubiley tədbirində “Mingəçevir işıqları”nın baş redaktoru, Əməkdar Jurnalist Fərman Nəbiyev qəzetin fəaliyyəti barədə məlumat verərək deyib: “Qəzet 1948-ci ilin fevralında “Mingəçevir inşaatçısı” adı ilə işıq üzü görüb. Bir müddət sonra “Mingəçevir işçisi”nə çevrilib və 1962-ci ilə qədər bu adla fəaliyyət göstərib. 1962-ci ildə əksər qəzetlər, o cümlədən “Mingəçevir işçisi” fəaliyyətini dayandırıb. Qəzet 1965-ci ildə “Mingəçevir işıqları” adı ilə fəaliyyət göstərməyə başlayıb. Bəzən soruşurlar ki, bu ad haradan götürülüb? O zaman SES silsiləsində həmin adda divar qəzeti çıxırdı. Qəzetin adını o vaxtkı jurnalist həmkarlarım oradan götürüblər”.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəzetin 70 illik yubileyi münasibətilə kollektivə təbriklərini çatdırıb. O, ölkədə azad mətbuatın inkişafında ulu öndər Heydər Əliyevin və onun yolunu davam etdirən Prezident İlham Əliyevin xidmətləri olduğunu vurğulayıb. Bölgə mətbuatının fəaliyyətindən danışan Niyazi Bayramov regionların ictimai, sosial, iqtisadi həyatının işıqlandırılmasında yerli KİV-lərin danılmaz xidmətləri olduğunu qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildiriblər ki, “Mingəçevir işıqları” region mətbuatı arasında özünəməxsus yeri olan qəzetdir. Elektron medianın tüğyan etdiyi şəraitdə çap mətbuatını qorumaq peşəkarlıq, qətiyyət tələb edir və “Mingəçevir işıqları” buna nail olub.
Sonda bölgə mətbuatının inkişafındakı xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə “Mingəçevir işıqları” qəzetinə Azərbaycan Mətbuat Şurasının diplomu təqdim edilib.